Murad Əlibəyov hekimtap.az

Murad Əlibəyov

Uşaq cərrahı

11 il iş təcrübəsi

Bakı
uşaqlarda enməmiş xaya kriptorxizm

Uşaqlarda enməmiş xaya və ya kriptorxizm

Müəllif: Murad Əlibəyov
30108

Paylaşıldı: 26.10.2017
Murad Əlibəyov

Kriptorxizm nədir?

Hər hansı səbəbdən xayanın normal eniş yolunda qalaraq xayalığa enməməsinə və ya hər hansı səbəbdən xayanın xayalıqda olmamasına enməmiş xaya və ya kriptorxizm deyilir. Adından da göründüyü kimi bu patologiyada əsas problem xayanın xayalığa enməməsindədir. Ümumiyyətlə bətindaxili dövrdə xaya xayalığa enmək üçün bir neçə mərhələ keçir. I mərhələ (intra-abdominal dövr) bətindaxili dövrün I-VII aylarını əhatə edir və xaya böyrək nahiyyəsindən qasıq kanalının daxili dəliyi səviyyəsinə kimi enir. II mərhələ (kanalikulyar dövr)VII-VIII ayları əhatə edir və xaya qasıq kanalına girərək xarici dəlik səviyyəsinə çatır. III mərhələ (skrotal-xayalıq dövrü) VIII-IX ayları əhatə edir və xaya qasıq kanalının xarici dəliyindən çıxaraq xayalığa enir. Bətindaxili dövrün 35-ci həftəsində artıq xaya tam olaraq xayalıqda yerləşmiş olur. Kriptorxizm zamanı müəyyən səbəblərdən xaya bu mərhələlərin hər hansı birində qalaraq xayalığa düşmür və uşaq doğulanda xaya xayalıqda qeyd edilmir. Xayanın xayalığa enməyi üçün peritonun yataq çıxıntısı (processus vaginalis) və istiqamətləndirici bağ olan "gubernakulumun" rolu böyükdür. Belə ki, yataq çıxıntısı həm qasıq kanalının formalaşmasına kömək edir, həm də xayanın xayalığa enməyi üçün yol açır. "Gubernakulum" isə istiqamətləndirici bağ olub, xayanın xayalığa enməyinə istiqamət verir.

KRİPTORXİZMİN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ

Müasir təsəvvürlərə görə xayanın inkişafı və xayalığa enməsini təmin edən bir neçə əsas faktorlar var,  bunlara: mexaniki, hormonal, endokrin, böyümə, sinir və xayanın özündən qaynaqlanan bir sıra faktorlar aiddir. Bunlardan isə hormonal və mexaniki faktorlar ən önəmli və geniş tədqiqat aparılan faktorlardandır. Bundan əlavə son dövrdə kriptorxizm həm də birləşdirici toxuma displaziyası ilə də əlaqələndirilir.

Hormonal faktorlara testesteron və dihidrotestesteron , Mülleri inhibə edən faktor (MİF), insulinə bənzər faktor 3 hormonu (İNSL 3), epidermal böyümə faktoru və s. aiddir

Kriptorxizmə səbəb olan mexaniki faktorlar arasında gubernakulum bağının inkişafdan qalması, xaya damarlarının qısa olması, qarnın ön divarı və qasıq kanalını təşkil edən əzələlərin tonusunun zəif olması, zəif qarındaxili təzyiq, qasıq kanalının xarici və daxili dəliklərinin dar olması, epididimal anomaliyalar, skrotal hipoplaziya və fetal testislə retroperitoneal bölgə arasında olan yapışıqlıqları qeyd etmək olar.

KRİPTORXİZMİN RAST GƏLMƏ TEZLİYİ

Kriptorxizm 3% normal doğuşdan olan uşaqlarda, 33-45% isə vaxtından əvvəl doğulmuşlarda rast gəlinir. Böyük əksəriyyət xəstələrdə ilk 6-9 ay ərzində xayalar xayalığa enir və 1 yaşdan sonra xayanın enməsi real sayılmır. Lakin orxiopeksiya (xayanın xayalığa salınması) əməliyyatının göstəricisi 2-3%-dır. Belə yüksək göstərici xayanın 2-cili qalxması ilə əlaqədardır. 70-90% hallarda patologiya bir tərəfli (əsasən sağ), 10-30% hallarda isə ikitərəfli olur. Proses sağda sola nisbətən daha çox rast gəlinir.

Xayaların tam olaraq xayalığa enməsi III trimesterin ortalarına təsadüf etdiyindən vaxtından əvvəl doğulmuş uşaqlarda bu patalogiya daha çox qeyd edilir.Doğuş çəkisi 900-1800 qr. olan uşaqlara kriptorxizmin rast gəlmə tezliyi 60 %-dır. Bir yaşlı uşaqlarda kriptorxizmin rast gəlmə tezliyi 1% təşkil edir. Ümumiyyətlə uşaq anadan olandan sonra normalda hər iki xaya xayalıqda yerləşməlidir. Bəzi valideynlər uşağın yaşı artdıqca xayaların xayalığa enməsini düşünürlər, bu da sözsüz ki səhv fikirlərdəndir.

KRİPTORXİZMİN TƏSNİFATI

Kriptorxizm xayanın qasıq bölgəsində qeyd edilməsinə görə əllənən (palpasiya edilən) və əllənməyən ( palpasiya edilməyən ) olaraq iki yerə bölünür.

Əllənməyən xaya özüdə bölünür:
 - abdominal xaya (qarında yerləşən xaya)
 - itən xaya (vanishing testis)
 - xayanın olmaması (ageneziya)

Əllənən xaya özü də:
 - qasıq nahiyyəsində yerləşmiş xaya
 - qalxan xaya (assendan testis)
 - xayanın ektopiyasına bölünür

KRİPTORXİZMİN KLİNİKİ ƏLAMƏTLƏRİ

Əgər uşaqda uşaq cərrahının baxışı zamanı qasıq bölgəsi və xayalıqda xaya əllənmirsə-aşkar olunmursa  bu zaman abdominal xaya,  yani qarın boşluğunda qalmış xaya barədə düşünülür. Bu zaman xayanın normal enməsinin birinci mərhələsi pozularaq xaya qasıq kanalına keçə bilməyərək, qarın boşluğunda qalır. İtən xaya (vanishing testis) bətindaxili dövrün müəyyən vaxtı xüsusilə də ilk 14 həftədə xayanın olması  sonradan isə müəyyən səbəbdən əsasən də burulma, qan dövranı pozğunluğu nəticəsində xayanın yox olmasıdır. Abdominal xaya barədə düşündükdə xayanın qarın boşluğunda olub olmamasın dəqiqləşdirmək lazımdır. Bunun üçün ultrasonoqrafiya(UZİ), maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi və ya ən dəqiq metod olan diaqnostik laparoskopiya icra olunmalıdır. Diaqnostik laparoskopiya zamanı 5 mm-lik göbəkaltı kəsiklə qarın boşluğuna kamera salınır və xayanın olub-olmamağı dəqiqləşdirilir. Əgər xaya qarın boşluğunda tapılarsa abdominal kriptorxizm diaqnozu təsdiqlənir. Əgər bir xaya qarın boşluğunda  qeyd edilmərsə buna monorxizm, hər iki xaya aşkar edilmərsə buna anorxizm deyilir.

Əllənən xayada müayinə zamanı xaya qasıq kanalında, kanaldan xaricdə və ya xayalığın girəcəyində əllənir. İlk aylarda və ya yaşlarda xayalıqda olan xayanın sonradan yuxarı qalxmasına qalxan xaya (asendan testis) deyilir. Normal enmiş xayanın sonradan yuxarı qalxması nadir hesab olunur və ciyə elementlərinin uzanmasının uşağın boyüməsi ilə mütənasiblik təşkil etməməsi ilə əlaqələndirilir. Yani uşaq böyüyür xaya damarları isə uzanmayaraq qısa qalır buna görə də xaya yuxarı qalxır.

Bəzən valideynlər uşağın yatan və çimən zaman xayasının xayalıqda olmasını, lakin gün ərzində xayalıqda qeyd edilməməsi şikayətləri ilə bizə müraciət edirlər. Buna retraktil xaya deyilir. Bu uşaqlarda aşırı kremasterik refleks qeyd edilir. Bu zaman xaya normal enmiş xaya sayılır sadəcə xayanı qaldıran əzələnin (kremasterik əzələ) yığılması hesabına qasıq kanalına retraksiya edir yani qalxır. Belə xəstələri müayinə etdiyimiz zaman xayanı asanlıqla xayalığa endirmək mümkün olur və xaya qısa müddət ərzində olsa da (20-30 saniyə və ya daha çox) xayalıqda qalır. Retraktil xaya da xayalıq inkişaf etmiş  və xayanın ölçüləri norma daxilində olur.

Ektopik xaya xayanın normal enmə yolundan kənarda yerləşməsidir. Yani xaya qasıq kanalından çıxandan sonra xayalığa deyil digər bölgələrə -aralıq nahiyyəsinə, qasıqüstü nahiyyəyə, budun iç səthinə, və s. yerlərə istiqamət alır.

KRİPTORXİZMİN DİAQNOZU

Kriptorxizm zamanı diaqnoz qoymaq adətən çətinlik törətmir. Doğuşdan sonra ilk olaraq neonatoluq və ya sonradan valideyn xayanın xayalıqda olmamasını qeyd edir. Uşaq cərrahının ayaqüstü və uzanıqlı vəziyyətdə müayinəsi zamanı adətən xayalıq boş və inkişafdan qalmış vəziyyətdə olur. Palpasiya zamanı xaya xayalıqda qeyd edilmir. Qasıq nahiyyəsinin müayinəsi zamanı adətən xaya əksər hallarda bu bölgədə qeyd edilir. Bəzən xaya qasıq kanalından çıxıb xayalığın girəcəyində yerləşmiş olur. Xaya xayalıqda və qasıq nahiyyəsində əllənməzsə qarın boşluğunda xayanın olmasını bilmək üçün ultrasonoqrafiya(UZİ), maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi və ya diaqnostik laporoskopiyadan istifadə edilir. Abdominal xaya zamanı xayanın əməliyyat vasitəsilə aşağı endirilməsinin gərəkli olmasını nəzərə alsaq diaqnostik laparoskopiya və əgər qarın boşluğunda xaya tapılarsa xayanın laparoskopik endirilməsi daha məqsədəuyğun sayılır.

KRİPTORXİZMİN MÜALİCƏSİ

Kriptorxizmin müalicəsi yalnız cərrahi yolladır. Retraktil xaya zamanı xayaların enməsi məqsədilə istifadə olunan hormonal müalicə məsləhət görülmür. Retraktil xaya zamanı adətən yetkinlik dövrünə yaxınlaşdıqca xayanın ölçülərinin böyüməsi və kremasterik refleksin zəifləməsi ilə əlaqədar olaraq xaya xayalığa enir. Belə xəstələr xaya xayalığa düşənəcən nəzarətdə saxlanılır. Əgər xayanı xayalığa saldığımızda xaya dərhal yuxarı qayıdırsa və həmin tərəfdə xayalıq inkişaf etməmişdirsə xəstəyə tez əməliyyat məsləhət görülə bilər.

CƏRRAHİ MÜALİCƏ

Kriptorxizm zamanı cərrahi müalicə xayanın yerləşdiyi yerdən asılı olaraq laparoskopik və ya açıq olaraq icra edilir.

Belə ki, əgər uşaqda abdominal xaya (abdominal kriptorxizm) qeyd edilirsə bu zaman xəstəyə mütləq diaqnostik laparoskopiya icra olunmalıdır. Bu zaman qarın boşluğunda xaya aşkar olunarsa xayanın damarları kifayət qədər uzunluqdadırsa, laparoskopik orxiopeksiya (xayanın xayalığa salınma) əməliyyatı icra edilir. Damarlar qısadırsa xaya əvvəl qasıq kanalına 3-6 aydan sonra isə xayalığa salınır. Əgər xaya damarları çox qısadırsa seçim əməliyyat kimi laparoskopik Fewler Stephans əməliyyatı icra edilir. Əməliyyat zamanı inkişafdan qalmış xaya (atrofik ) aşkarlanarsa , çıxarılır.

Yaddan çıxartmaq lazım deyil ki, abdominal xaya zamanı laporoskopik əməliyyata üstünlük verilməlidir, açıq əməliyyat həm böyük kəsiyə bəzən isə xaya qarında ola-ola onun tapılmamağına gətirib çıxardır.

Əgər müayinə zamanı xaya qasıq nahiyyəsində qeyd edilirsə, standart orxiopeksiya (xayanın xayalığa salınma əməliyyatı) icra edilir. Bu zaman qasıq nahiyyəsində icra edilən köndələn qasıq kəsiyi ilə xaya əldə olunaraq xayalığa endirilir. Xaya damarları qısa olduğu təqdirdə bəzən 2 etaplı əməliyyat icra oluna bilər.  Əgər xaya müayinə zamanı xayalığın girəcəyində yerləşərək xayalığa enməyibsə bu zaman skrotal orxiopeksiya (yalnız xayalıqdan aparılan kəsiklə) xaya əldə edilərək xayalığa salınır. Orxiopeksiya (xayanın xayalığa salınma) əməliyyat 1-2 sm-lik kosmetik kəsiklə icra edilir. Əməliyyatdan 5-6 saat sonra xəstə evə yazılır.

KRİPTORXİZM ZAMANI ƏMƏLİYYAT NƏ ZAMAN İCRA EDİLMƏLİDİR?

Əgər uşaqda kriptorxizm qeyd edilərsə 1 yaşına kimi gözləmək olar. Əgər bu müddət ərzində xaya xayalığa enmirsə artıq əməliyyat qərarı verilməlidir. Abdominal (qarında yerləşən xaya) kriptorxizm zamanı isə uşağın 6 aylığından sonra əməliyyat etmək məsləhətdir. Xayanın normal inkişafı üçün onun daha sərin mühit olan xayalıqda yerləşməsi mütləqdir. Xaya xayalıqda "salxımınabənzər kələf", skrotal piqmentasiya, temperatura həssas olan kremaster və dartos əzələlərinin requlyasiyası sayəsində, eləcə də xayalıqda dərialtı piy qatının olmamasına görə daim aşağı temperatur mühitində qalır. Beləki,  xayalıqdakı temperatur  34-350C, qasıq kanalı və qarın boşluğunda isə 36-370C-dir.  Xayanın normal inkişafı üçün aşağı temperatur şərtdir və sözsüz ki, enməyən xayalarda mühitin yüksək temperaturu xayanın inkişafına təsir göstərir.  

Yuxarı yaşlarda olunan əməliyyat zamanı sonsuzluq və maliqnə (bəd xassəli şişə çevrilmə) riski artmış olur.

MÜALİCƏ EDİLMƏMİŞ VƏ YA GEC MÜALİCƏ EDİLMİŞ KRİPTORXİZM ZAMANI FƏSADLAR

Sonsuzluq riski
Kriptorxizm zamanı sonsuzluq riski xayanın harada yerləşməsindən, əməliyyatın uşağın neçə yaşında icra olunmasından, eləcə də xəstəliyin bir və ya iki tərəfli olmasından asılıdır. Sözsüz ki, qarında yerləşən xayalar, ikitərəfli kriptorxizm və yuxarı yaşlarda icra olunan əməliyyat zamanı sonsuzluq riski artmış olur. Xayalıqdakı temperatur bədən temperaturuna nisbətən 1.5-2.0 0C dərəcə aşağı olduğundan xayanın xayalıqdan kənar qaldığı müddət nə qədər çox olarsa xayada baş verən histoloji və funksional dəyişikliklər də bir o qədər çox olar.

Maliqnizasiya (bəd xassəli şişə çevrilmə) riski
Abdominal xayalarda maliqnizasiya riski 5%, qasıq kanalında yerləşmiş xayalarda isə xayanın bəd xassəli şişə çevrilmə riski isə 1% təşkil edir. Əməliyyatın icra olunma vaxtı ilə maliqnizasiya riskini müqayisə etdikdə, kiçik yaşlı uşaqlarda icra olunan əməliyyat maliqnizasiya riskini xeyli azaltmış olur.   

VALİDEYNLƏR NƏYƏ DİQQƏT YETİRMƏLİDİR!!!

Hər bir valideyn bilməlidir ki, uşaq anadan olandan sonra hər iki xaya xayalıqda olmalıdır. Xayaların xayalığa tam enməsi uşağın böyüməsi ilə əlaqədar olmayıb, bətindaxili dövrün 35-ci həftəsində baş verir. Bəzən valideynlər xayanın xayalıqda olub-olmamasına fikir vermir və  uşaqlar bu patologiya ilə yuxarı yaşlara kimi qalır ki, bu da sonsuzluq və maliqnizasiya riskini artırır. Bəzən uşaq boyüdükcə xaya damarları uşağın böyüməsinə uyğun olaraq uzanmır bu da əməliyyat zamanı xayanın bir etapa xayalığa yerləşdirməyə imkan vermir və 2-ci etap əməliyyata ehtiyac duyulur. Bütün bunları nəzərə alaraq kriptorxizmli uşaqlar vaxtında əməliyyat olunaraq bu problem vaxtında aradan qaldırılmalıdır. Xayanın xayalığa enməsini 1 yaşa kimi gözləmək olar, bu yaşdan sonra gecikdirilmədən əməliyyat qərarı verilməlidir.

Həkimlə əlaqə:
Mob: 
(+994) 50 373-31-73
Klinika: Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

Mövzu ilə bağlı video:

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 


Murad Əlibəyov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz