Murad Əlibəyov hekimtap.az

Murad Əlibəyov

Uşaq cərrahı

11 il iş təcrübəsi

Bakı
uşaqlarda qasıq yırtığı

Uşaqlarda qasıq yırtığı

Müəllif: Murad Əlibəyov
30043

Paylaşıldı: 16.10.2017
Murad Əlibəyov

QASIQ YIRTIĞI NƏDİR?

Qasıq yırtığı valideynlər arasında daha çox "qasıq qrıjası" termini ilə tanınır. Qasıq yırtığı uşaq ağladıqda, qışqırdıqda, öskürdükdə və ya oynarkən qarındaxili təzyiqin artması ilə əlaqədar olaraq qızlarda qasıq, oğlanlarda isə qasıq-xayalıq  bölgəsində findıq, qoz, yumurta və ya daha böyük ölçüdə şişkinliyin qeyd edilməsi ilə özünü biruzə verir. Adətən bu şişkinlik uşaq sakitləşdikdə və ya şişkinliyin üzərinə əllə yüngül təzyiq etdikdə qarın boşluğuna qayıdaraq aradan qalxır.

UŞAQLARDA QASIQ YIRTIĞININ ƏMƏLƏ GƏLMƏ SƏBƏBİ

Uşaqlarda qasıq yırtığının əmələ gəlmə səbəbini başa düşmək üçün mütləq bətindaxili dövrdə xayanın xayalığa enmə prosesini nəzərdən keçirmək lazımdır.

Belə ki, bətindaxili dövrdə qarın boşluğundan ayrılan peritonun yataq çıxıntısı (processus vaginalis) adlandırdığımız struktor qızlarda qasıq kanalının formalaşmasına kömək edir, oğlanlarda həm də xayanın xayalığa enməsi üçün yol açır. Xaya açılan bu yolla xayalığa endikdən sonra isə peritonun yataq çıxıntısı obliterasiyaya uğrayır, yani bağlanır. Daha sadə dillə desək bətindaxili dövrdə qarın boşluğu ilə qasıq bölgəsi arasında bir yol olur və xaya xayalığa endikdən sonra bu yol bağlanır. Hamiləlik dövründə dölə təsir edən hər hansı daxili və ya xarici amillərin təsirindən normalda bağlanmalı olan bu yol bağlanmır və uşaq anadan olduqdan sonra qarındaxili orqanlardan nazik və yoğun bağırsağ ilgəkləri, böyük piylik, qız uşaqlarında həm də  yumurtalıqlar bu yoldan keçərək qızlarda qasıq , oğlanlarda isə qasıq və xayalıq nahiyyəsində sişkinliyin əmələ gəlməsi şəklində özünü biruzə verir ki, buna da qasıq yırtığı deyilir.

RAST GƏLMƏ TEZLİYİ

Vaxtında doğulmuş uşaqlarda bu patologiya 3-5% hallarda, vaxtından əvvəl (yarımçıq) doğulan uşaqlarda isə 10-30% hallarda rast gəlinir. Uşaqlarda rast gəlinən qasıq yırtıqlarının demək olarki hamısı anadangəlmədir. Oğlanlarda qız uşaqlarına nisbətən daha çox rast gəlinir. Uşaqlarda 60 % hallarda sağ tərəfli, 30 % hallarda sol tərəfli, 10-20 % hallarda isə ikitərəfli qasıq yırtığına rast gəlinir. Sağ tərəfdə daha çox rast gəlmə səbəbi qarın boşluğu-xayalıq arasındakı yolun  (processus vaginalis)sağ tərəfdə daha gec bağlanmasıdır. Klinik əlamətlər 30% hallarda 6 aydan öncə, 90% hallarda isə 2 yaşdan əvvəl özünü biruzə verir.

UŞAQLARDA QASIQ YIRTIĞININ KLİNİKİ ƏLAMƏTLƏRİ

Bu xəstəlik qızlarda qasıq , oğlanlarda isə qasıq və ya xayalıqda şişkinliyin olması ilə özünü biruzə verir. Mütəmadi olaraq bu nahiyyələrdə şişkinlik əmələ gəlir, öz-özünə və ya üzərinə əllə yüngül təzyiq etdikdə aradan qalxır.

QASIQ YIRTIĞININ DİAQNOZU

Uşaqlarda qasıq yırtığının diaqnozu ilk olaraq diqqətli valideyn tərəfindən qoyulur. Beləki həkimə müraciət eden valideyn uşağın qasıq bölgəsində ara-sıra şişkinliyin olmasını və bu şikayətlə həkimə müraciət etdiyini deyir. Həkim müayinəsi zamanı diaqnoz körpə uşaqlarda qasıq nahiyyəsini işarət barmağı ilə yoxladıqda yırtıq kisəsinə məxsus qalınlaşmanı hiss etməklə və ya böyük yaşlı uşaqlarda ayaqüstü müayinə zamanı uşaq gücəndikdə və ya öskürdükdə qasıq nahiyyəsində şişkinliyin əmələ gəlməsi ilə təsdiqlənir. Yırtıq diaqnozunun qoyulması adətən çətinlik törətmir.

FƏSADLARI

Qasıq yırtığının ən təhlükəli vəziyyəti onun "boğulmasıdır".

QASIQ YIRTIĞININ BOĞULMASI NƏDİR?

Qasıq yırtığının boğulması yırtıq möhtəviyyatını təşkil edən qarındaxili orqanların qasıq kanalında sıxılmasıdır. Bu zaman qasıq nahiyyəsində əmələ gələn şişkinlik bərk və gərgin olur, əllə təzyiq etdikdə öz yerinə qayıtmır. Buna səbəb qasıq kanalının xarici dəliyindən çıxan yırtıq möhtəviyyatının (yoğun və nazik bağırsağ ilgəyi,böyük piylik, qız uşaqlarında  yumurtalıq) burda (qasıq kanalının daxili və xarici həlqəsində) sıxılması nəticəsində ödemləşməsi və geriyə qayıda bilməməsidir. Buzaman uşaqda qarında ağrı, ağlama, qusma və ümumi narahatçılıq halları qeyd edilir. Sıxılma nəticəsində yırtıq möhtəviyyatını təşkil edən orqanlarda qan dövranı pozğunluğu əmələ gəlir, bu hal təcili olaraq aradan qaldırılmarsa bu, orqanların zədələnməsinə (qanqrenasına) gətirib çıxardır. Qız uşaqlarında yırtıq möhtəviyyatını həm də yumurtalıq təşkil edə bildiyindən daha çox ehtiyatlı olmaq lazımdır. Uşaqlarda boğulmuş qasıq yırtığının 2/3 hissəsi 1 yaşa kimi rast gəlinir. Uşağın yaşı nə qədər azdırsa boğulma riski də bir o qədər çoxdur. Belə ki, yaşamın 6 ayına kimi yırtığın boğulma riski 30% təşkil edir. Körpə uşaqların 50%-da qasıq yırtığının ilk simptomu onun boğulması ilə özünü biruzə verir. Qız və oğlan uşaqlarında yırtığın boğulma riski bir-birinə yaxın olub oğlanlarda 13%, qızlarda isə 17% təşkl edir. Sağ və ya sol tərəfdə boğulma riski isə demək olar ki eynidir.

UŞAQLARDA QASIQ YIRTIĞI BOĞULMASININ SİMPTOMLARI

Boğulmanın simptomları qarında ağrı, qusma, ağlamadır. Bu zaman qasıq nahiyyəsində sərt və gərgin törəmə (şişkinlik) qeyd edilir. Şişkinliyin üzərindəki dəri hiperemik (qızartılı) və ödemlidir.Uşaqda qusma, törəmənin üzərinə əllə təzyiq etdikdə kəskin ağrı, ümumi narahatçılıq qeyd edilir və yırtıq möhtəviyyatını qarın boşluğuna salmaq mümkün olmur.

QASIQ YIRTIĞININ BOĞULMASI ZAMANI NƏ ETMƏLİ?

Boğulma zamanı mütləq, təcili olaraq həkimə-uşaq cərrahına müraciət etmək lazımdır. 80-90% hallarda boğulma zamanı həkimə vaxtında müraciət olarsa bu fəsadı aradan qaldırmaq olur və qarındaxili orqanlarda heç bir zədələnmə qeyd edilmir. Uşaq cərrahı tərəfindən yırtıq möhtəviyyatı qarına salına bilinmirsə yani boğulma aradan qalxmırsa və ya boğulmadan uzun müddət keçmişsə xəstəyə təcili olaraq əməliyyat təyin olunur. Nəzərə almaq lazımdır ki, boğulmadan 6 saatdan çox vaxt keçərsə qarındaxili orqanların sıxılma dərəcəsindən asılı olaraq bu orqanlarda qan dövranı pozğunluğu, qanqrena və ya nekroz əmələ gələ bilər. Ona görə də vaxtında həkimə müraciət etmək lazımdır.

QASIQ YIRTIĞININ MÜALİCƏSİ

Qasıq yırtığının müalicəsi yalnız və yalnız cərrahi üsulladır. Uşağın böyüməsini gözləmək, bandajlardan istifadə etmək və ya öz-özlüyündə qasıq yırtığının bağlanması mümkün deyil.

ƏMƏLİYYAT-HERNİOTOMİYA

Yırtığın ləğvi əməliyyatı - herniotomiya uşaqda yırtıq aşkarlanan kimi icra olunmağı məsləhətdir. Əməliyyatın gec icra olunması qasıq yırtığının boğularaq fəsadlaşmasına gətirib çıxara bilər. Əməliyyat açıq və ya laparoskopik icra edilə bilər. İkitərəfli yırtıqlar zamanı laparoskopik əməliyyata daha çox üstünlük verilir. Həm açıq, həm də laparoskopik əməliyyatın mahiyyəti qarın boşluğu və xayalıq arasındakı yolu (processus vaginalis) bağlamaqla yırtığın ləğvindən ibarətdir. Əməliyyat kosmetik şəraitdə  0.5-1.5 sm-lik kəsiklə aparılır. Əməliyyatdan 5-6 saat sonra xəstə evə yazılır.

Yırtığın boğulma halı olduqda və boğulmanı  aradan qaldıra bilmədikdə uşağın ayından və yaşından asılı olmayaraq təcili cərrahi əməliyyat icra olunmalıdır. Əməliyyat zamanı ilk olaraq sıxılmış orqanın həyat qabiliyyəti yoxlanır (oğlan uşaqlarında boğulma zamanı xaya damarları da sıxıldığından xaya da yoxlanılır), əgər bir problem aşkarlanmazsa orqan qarın boşluğuna salınaraq yırtığın ləğvi - herniotomiya əməliyyatı icra edilir. Yırtıq möhtəviyyatını təşkil edən orqanda qanqrena qeyd edilərsə bu həmin orqanın çıxarılması ilə nəticələnir.

VALİDEYNLƏR NƏYƏ DİQQƏT YETİRMƏLİDİRLƏR!!!

Uşağa qasıq yırtığı diaqnozu qoyulubsa və ya valideyn uşaqda qasıq yırtığı qeyd edibsə xüsusən körpə uşaqlarda bu nəzərə alınmalı və əgər uşaqda narahatçılıq, ağlama, qusma halları qeyd edilərsə mütləq ilk olaraq uşaq soyundurulmalı və qasıq bölgəsi yoxlanmalıdır. Əgər qasıq nahiyyəsində şişkinlik qeyd edilərsə əllə üzərinə yüngül təzyiq etməklə şişkinliyin keçməsinə çalışmaq lazımdır. Bu mümkün olmadıqda təcili olaraq uşaq cərrahına müraciət etmək lazımdır.Qeyd olunan əlamət yırtığın boğulma əlaməti olub, mütləq aradan qaldırılmalıdır. Əks halda bu yırtıq kisəsində sıxılan orqanın zədələnməsinə səbəb ola bilər.

Əgər uşaqda qasıq yırtıq qeyd olunubsa valideyn əməliyyat vasitəsilə yırtığın aradan qaldırılmasına qərarlaşmalıdır. Valideyn ola bilər körpə vaxtı uşaqda qasıq yırtığının olmasını bilməyib, bunu ancaq böyük yaşlarda (1-5 və ya daha böyük yaşlarda) qeyd etsin bu zaman da əməliyyatın gecikdirilməsi məsləhət görülmür. Ümumiyyətlə uşaqda nə axt qasıq yırtığı qeyd edilərsə, o zaman da planlı şəraitdə əməliyyat vasitəsilə də aradan qaldırılması məsləhət görülür.

Həkimlə əlaqə:
Mob: 
(+994) 50 373-31-73
Klinika: Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Murad Əlibəyov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz