uşaqlıq mioması nədir

Uşaqlıq mioması

Müəllif: Mama-ginekoloq HekimTap
5277

Paylaşıldı: 04.05.2018
Ginekoloq HekimTap

Mioma (fibromioma) əzələ (əzələ və birləşdirici) toxumasından ibarət xoşxassəli şişdir.

Bir çox qadınlar bu diaqnozun qoyulmasını eşidəndə panikaya düşür, “məndə şiş var deyə” təşviş keçirirlər. Amma ciddi narahatçılığa səbəb yoxdur. Əlbəttə, mioma xoşagələn bir şey deyil, lakin qorxulu “xərçəng” xəstəliyinə də heç bir aidiyyatı yoxdur.  

Uşaqlıq mioması nədir?

Uşaqlıq mioması uşqlıq hüceyrələrinin spontan olaraq bölünməsi nəticəsində yaranır. Bunun səbəbi hələ ki, sonadək məlum deyil, lakin fibromanın hormonlar tərəfindən stimullaşması və hər şeydən əvvəl estrogen sekresiyası ilə əlaqədar olması müəyyən edilmişdir. Başqa sözlə desək, estrogenlər miomanın böyüməsinə şərait yaradır, progesteron isə əksprosesə səbəb olur. Lakin bu, heç də o demək deyil ki, estrogen və progesteronun qanda normal balansı birmənalı olaraq miomanı istisna edir.

Miomaya kifayət qədər geniş yayılmış xəstəlikdir, tibbi statistikaya görə, 30 yaşa qədər bütün qadınların 20%-də rast gəlinir. Bəzi hallarda uşaqlıq divarında müxtəlif ölçüdə bir yox, bir neçə düyün yaranır.         

Beləliklə, xəstəliyin başlıca səbəbi hormonal pozulma, daha dəqiq desək, orqanizmdə qadın cinsi hormonlarının səviyyəsinin artmasıdır. Mioma gənc qızları və klimaks dövrünə qədəm qoymuş qadınları demək olar ki, heç vaxt narahat etmir. Amma 25-50 yaş arasında miomanın yaranma şansı çox yüksəkdir. Bunun ehtimalı hamiləlik və cinsi orqanların iltihabi proseslərində, həmçinin immunitet zəiflədikdə daha yuxarı olur.   

Uşaqlıq miomasını yaradan səbəblər

Miomanın yaranmasına bir çox səbəblər zəmin yarada bilər:
 – İrsi meyillilik (ana və ya nənədə uşaqlıq miomasının olması);
 – Menstrual tsiklla bağlı problemlər;
 – Sonsuzluq və hamiləliyin pozulması;
 – Maddələr mübadiləsinin pozulması (piylənmə, şəkərli diabet);
 – Çoxsaylı abortlar;
 – Bunlardan başqa, yaxınlarda alimlər müəyyənləşdiriblər ki, uşaqlıq mioması və stres arasında birbaşa əlaqə var. 

Uşaqlıq miomasının əlamətləri və ağırlaşmaları

Uşaqlıq miomasının gedişatı, adətən simtomsuz olur. Lakin bəzi əlamətlər var ki, onlar uşaqlıq miomasına dəlalət edir:
 – Menstruasiya zamanı qanaxmanın həddindən artıq olması;
 – Tsiklin pozulması;
 – Qarının aşağı nahiyəsində və ya beldə ağrılar.

Düzdür, miomadan şübhələnmədən illərlə yaşamaq olar, amma onun yaratdığı fəsadlar böyük narahatçılıqlar yaradır:
 – Güclənmiş qanaxma anemiyaya səbəb ola bilər;
 – Böyümüş şiş qonşu orqanları sıxa, nəticədə ağrı, sidiyə getmədə problem, qəbizlik yarana bilər.

Əgər mioma uşaqlığın divarına tam bitişməyibsə, “ayaqcıqların” (şişin uşaqlığa birləşən nahiyəsi)  burulmasından ehtiyat etmək lazımdır, bu zaman şişin nekrozlaşması, iltihabı və ya cırılması mümkündür. Zahirən bu, qanaxma, qarında kəskin ağrılar və qızdırmanın qəfil qalxması ilə müşahidə edilə bilər.

Miomanın daha bir ağırlaşması – hamiləliklə və doğuşla bağlı problemlərdir.            

Uşaqlıq miomasının diaqnostika və müalicəsi

Miomanın aşkara çıxarmaq üşün ən etibarlı üsul – ildə bir dəfə həkim-ginekoloqun müayinəsindən keçməkdir. Yaxşı mütəxəssis mioma düyününü əli ilə də müayinə edə bilir, lakin diaqnozu dəqiqləşdirmək üçün USM vacibdir. Tərəddüd yaranarsa, laparoskopiya və histeroskopiya tələb oluna bilər.    

Miomanın müalicəsi pasiyentin yaşı və onun planlarından asılıdır. Əgər miomanın ölçüləri uzun illər böyümürsə və qadın hamiləlik planlaşdırmırsa, bir çox həkimlər medikamentoz müalicə tətbiq edirlər. Hormonal preparatlar miomanın inkişaf etməsini zəiflədə, bəzi hallarda dayandıra bilər.

Hamiləlik planlaşdıran gənc qadınlara həkimlər əməliyyat tövsiyə edirlər. Miomanın yüngül formalarında təkcə düyünlər kənarlaşdırılır, uşaqlıq demək olar ki, zədələnmir və gələcəkdə normal hamiləlik mümkündür. Əgər düyünlər çox böyük olarsa, bu, uşaqlığın tam çıxarılması ilə nəticələnə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 


Ginekoloq HekimTap

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz