hamiləlik dövründə anemiya

Hamiləlik dövründə anemiya

Müəllif: Mama-ginekoloq HekimTap
5633

Paylaşıldı: 20.04.2018
Ginekoloq HekimTap

Hamiləlik dövründə anemiya nədir?

Anemiya hamiləlik dövründə yanaşı gedən və geniş yayılmış vəziyyətlərdəndir. Bir qayda olaraq, hamiləlik dövründə qadın dəmir defisiti anemiyası ilə üzləşir. Bu xəstəlik oksigenin orqan və toxumalara daşınmasına cavabdeh olan hemoqlobinin səviyyəsinin aşağı düşməsi ilə özünü büruzə verir.

Təbii ki, nəticədə qırmızı qan hissəcikləri – eritrositlərin miqdarı azalır. Anemiyanın üç ağırlıq dərəcəsi var – yüngül, orta və ağır. Bu xəstəlik ona görə təhlükəlidir ki, yüngül formada özünü praktik olaraq heç nə ilə göstərmir, yəni orqanizmdə baş verən hər hansı dəyişiklik barədə heç bir siqnal gəlmir.

Hamilə qadında anemiya şübhəsi dəri rənginin avazıması nəticəsində yaranır. Ona görə də müntəzəm olaraq qan analizlərinin aparılması böyük əhəmiyyət kəsb edir. Əldə olunmuş nəticələr anemiyanın inkişafının qarşısını almaqda mütəxəssislərə kömək edəcək. Anemiyanın dölün inkişafına və doğuş prosesinə böyük təsir göstərdiyini nəzərə alsaq, artıq hamiləliyin ilk həftələrindən xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər görmək vacibdir.      

Anemiyanın hamiləlik dövründə təhlükəsi

Anemiya artıq hamiləliyin ikinci yarısında özünü göstərir, pik həddinə isə 29 və 36-cı həftədə çatır. Bu, ona görə baş verir ki, hamiləlik dövründə orqanizmin dəmirə olan tələbatı hədsiz çox olur. Çünki dəmir hemoqlobinin yaranmasında mühüm rol oynayır ki, gələcəyin anası və dölün buna böyük ehtiyacı var. Əgər dəmirin sərfiyyat sürəti hamilə qadının orqanizminə daxil olan dəmirin sərfiyyat sürətindən artıqdırsa, anemiya yaranır və buna da mütləq müalicə tələb olunur.

İş ondadır ki, anemiyanın qarşısı alınmasa, xoşagəlməz halların baş verməsi mümkündür. Buraya hamiləliyin ikinci yarısında toksikozun inkişafı, vaxtından əvvəl doğuş riskini aid etmək olar. Bundan başqa, doğuş prosesində qanaxmanın çox olması müşahidə edilə bilər, çünki anemiya qanın qatılaşma prosesinə mane olur.

Anemiya doğuşdan sonrakı dövrdə müalicə olunmazsa, süd ifrazının azalması müşahidə edilə bilər. Ananın orqanizmdəki dəmir defisiti dölün bətndaxili inkişafı üçün təhlükəlidir. Belə ki, oksigen və qida maddələrinin çatışmazlığı yaranır, döldə hipoksiya və hipotrofiya riski əhəmiyyətli dərəcədə artır. Bunun da nəticəsində uşaq zəif doğula bilər, yaxud da çəki azlığı, zəif immunitet, infeksion xəstəliklərə həssaslıq qeydə alına bilər.      

Hamiləlik dövründə anemiyanın əlamətləri

Anemiya qadının ümumi vəziyyətinə təsir etdiyindən onun müalicəsinə birmənalı olaraq ehtiyac var. Anemiya bir sıra ələmətlərlə özünü büruzə verir. Buraya aiddir: zəiflik, tez yorulma, dərinin quruması, baş gicəllənməsi; daha ağır formalarda: saçların tökülməsi, ürək döyüntüsünün artması və bayılmalar.

Belə anemik əlamətlərin yaranması qanda hemoqlobinin aşağı düşməsi, oksigen aclığının yaranması, həmiçinin istehsal olunan enerjinin miqdarının azalması ilə əlaqədardır.

Digər simptomlar qrupu sideropenik simptomlar adlanır. Onlar ferment funksiyalarının pozulması fonunda yarana bilər, əlamətləri bunlardır: dərinin quruluğu və qabıq verməsi, rənginin avazıması, dodaqların kənarında çatların əmələ gəlməsi, saçların quruması və qırılması. Bundan başqa, anemiya zamanı qadınlarda ağız dadının pozulması mümkündür – gələcək analar birdən təbaşir və ya torpaq, çiy meyvə (məsələn kartof) yemək istəyirlər. Hansı ki, bu vəziyyət onlarda hamiləlikdən əvvəl müşahidə olunmayıb.         

Hamiləlik dövründə anemiyanın müalicəsi və profilaktikası

Anemiyanın profilaktikası və müalicəsi üçün hamilə qadının qida rasionuna mütləq tərkibində dəmir və heyvan mənşəli zülallar olan qidalar daxil edilməlidir. İlk növbədə bu, ət, balıq, süd məhsulları, çox miqdarda çiy meyvə-tərəvəzdir (kök, alma, kələm). Təbii ki, anemiya təkcə dieta ilə müalicə olunmur. Ona görə də mütəxəssislər dəmir tərkibli preparatlar təyin edirlər. Müalicənin müddəti bir neçə ay davam edir. Lakin anemiyanın əlamətləri aradan qalxdıqdan sonra müalicəni dərhal kəsmək olmaz. 2-3 aydan sonra həkim təyin edilmiş dozanı iki dəfə azaldır və bununla da anemiyanın profilaktikası davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 


Ginekoloq HekimTap

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz